Azadlıq və demokratiya uğrunda iki çexiyalının intiharı

Tarixi ekskursiya . Orta əsrlərdə Çexiyada alman feodalları və katolik kilsəsinə qarşı Praqa Universitetinin professoru (rektor) Yan Qus (Jan Hus) tərəfindən başlanan qusçular hərəkatı Yan Qusun tonqalda yandırılması ilə daha da gücləndi.Sonralar bu hərəkata Yan Jijka (Jan Žižka) kimi görkəmli sərkərdə başçılıq etməyə başladı. Bu hərəkat nəticəsiz olsa da Avropada kilsə özbaşınalığına,feodal və kral hakimiyyətinə,azadlıq və demokratiya uğrunda bir inqilabi müharibə idi…

XIX əsrin görkəmli alman hərbi siyasi xadimi Otto fon Bismark deyirdi ki,kim Çexiyaya sahibdirsə Avropaya da o sahibdir.Bu səbəbdən Çexiya həmişə imperialistlərin maraqları dairəsində olub.  I dünya müharibəsində qanlı döyüş meydanlarına çevrilən Çex torpaqları (Bohemiya,Moraviya və s.) II dünya müharibəsi ərəfəsində hitlerçilərin marağında idi. Məhz buna görə də Avstriyanın “anşlyüz”ündən sonra almanlar Çexiyaya qoşun yeritdi (“Münhen sövdələşməsi”-Ş.M.). 1939-cu ilin oktyabrında Çexiyanın işğal olması çexlərdə antinasist hərəkatını gücləndirdi.

11 noyabr 1939-cu ildə Praqadakı Karlov Universitetinin tibb fakültəsinin tələbəsi Yan Opletal ölkəsinin işğalına etiraz olaraq özünü yandırdı. Bu minlərlə tələbələr arasında antifaşist hərəkatını gücləndirdi.Almanlar 1200-dən çox çex tələbəni Zaksenhauzen konslagerinə göndərdi. Onlardan 9 nəfəri noyabrın 17-də edam edildi.1941-ci ildən Londonda həmin gün “Beynəlxalq tələbələr günü”,2000-ci ildən isə Çexiyada “Azadlıq və demokratiya uğrunda mübarizə” günü kimi qeyd olunmağa başladı.

II Dünya müharibəsi illərində çexlərlə yanaşı Sovet Ordusu da antifaşist hərəkatında iştirak edirdi. Çexoslovakiyanın hitlerçilərdən təmizlənməsindən sonra burada kommunistlərin hakimiyyəti bərqərar olmağa başladı.Ölkədə 1968-ci ilin avqustunda başlanan “Praqa baharı” bunun göstəricisi idi. 1969-cu ilin yanvarında Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsinin hərəkatın önündə gedən tələbəsi Yan Palax mərkəzi meydanların birində yerli hakimiyyətə etiraz edərək özünü yandırdı. Üç gündən sonra Palax xəstəxanada vəfat etdi.Bu tələbələri daha da qəzəbləndird və 26 tələbə kütləvi intihara cəhd etdi.

198o-ci illərin sonunda Şərqi Avropada başlanan antikommunist hərəkatının mərkəzlərindən biri də Çexoslovakiya idi. 1989-cu ilin yanvarında bu intiharlaın 20 illiyi ilə əlaqədar Praqada vətəndaşlar arasında kütləvi etirazlar başladı və manifest hazırlandı. Həmin etirazçılar hakimiyyət tərəfindən dağıdıldı və həbslərə başlanıldı. Onların arasında gələcək prezident  Vatslav Havel də vardı.Bir həftə ərzində 1400 nəfər arasında manifest imzalandı.Bu hadisələr Çexoslovakiyada kommunizm rejiminin süqutuna səbəb oldu. Sonradan ölkə Çex Respublikası və Slovakiya Respublikalarına ayrıldı (1 yanvar 1993).Bu gün Çexiya,eləcə də Slovakiya Avropanın azad və demokratik ölkələrdən biridir.

Qeyd. Yan Opletal və Yan Palaxın şərəfinə şeirlər yazılmış,mahnılar bəstələnmiş,kinolar çəkilmiş və küçə adları verilmişdir.

Advertisements
Kənar | tarixində dərc edildi by | Bir şərh yazın

Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlının həyat yolu

Qulu Əli oğlu Muxtarov 1916-cı ildə Ağcabədidə doğulub. Burada natamam orta təhsil aldıqdan sonra 1937-ci ildə oktyabr ayında Sovet ordusu sıralarına çağırılıb. 1939-cu ilin dekabrından 1940-cı ilin martına qədər Karel-fin müharibəsində iştirak edib. Döyüşlərin birində yaralandıqdan sonra geriyə qaytarılıb. II Dünya Müharibəsi başlayanadək Ağcabədidə hesabdar işləyib. Q. Muxtarov 1941-ci ilin iyunundan Ağcabədi hərbi komissarlığından cəbhəyə (Mozdok rayonu) göndərilərək 402-ci atıcı diviziyanın 883-cü atıcı alayında atıcı bölük komandiri təyin olunmuşdur.
Mozdok ətrafında döyüşlərdə iki dəfə yaralanmış və yaxınlıqdakı kəndə geri çəkilmişdir. Bu zaman kənd almanlar tərəfindən mühasirəyə alındı və Q. Muxtarov əsir düşdü. İşğal olunmuş kəndin mülki sakinləri ilə birlikdə Q. Muxtarov Taman şəhərindəki hərbi əsirlər üçün düşərgəyə göndərildi. Buradan əsirləri Kerç şəhərinə yollayırdılar. Ağır yaralı Q. Muxtarov qospitala köçürüldü. Sonra onu Polşanın Krakov, Pşemışl, Ukraynanın Zaporojye, Belaya Serkov şəhərlərinə lagerə yerləşdirdilər.
Müalicədən sonra onu Ukraynanın işğal olunmuş şəhər və kəndlərinin mülki əhalisi ilə birlikdə Almaniyaya yolladılar (almanlar onun keçmiş döyüşçü olduğunu bilmirdilər). Qulu Muxtarov 1944-cü ilin mayına qədər Qərbi Almaniyanın Verme şəhərinin hərbi əsirlər düşərgəsində saxlanıldı. Burada ondan ağac doğramaqda, küçə süpürməkdə və başqa işlərdə istifadə edirdilər. Sonra onu Fransanın Nansi şəhərindəki hərbi əsir düşərgəsinə yolladılar. İki fransız əsir və rus Q.D.Vasilyev ilə birgə qaçmaq fikrinə gəldi. 20 iyul 1944-cü ildə onlar razılaşdılar ki, meşəyə odun doğramağa gedərkən Nansi şəhərinin digər tərəfinə qaçsınlar. Danışdıqları kimi, buradan yerli vətənpərvərlər onları fransız şəhəri Belfora qədər ötürdülər. Gec olsa da fransız dostları Q. Muxtarovu və Q.D.Vasilyevi Fransanın Nim şəhərinə qədər ötürdülər və onları Sovet Partizan Alayına qoşdular. Tezliklə Q. Muxtarov 2-ci batalyonun 2-ci bölüyün 4-cü taqımına komandir təyin olundu. O, öz partizanları ilə birlikdə Fransanın azadlığı uğrunda öz töhvəsini vermiş, hərbi əməliyyatlarda və çıxışlarda iştirak etmişdir.
1945-ci ilin oktyabrında 1-ci Sovet Partizan Alayı buraxıldı və keçmiş Sovet hərbi əsirləri Sovet Hərbi nümayəndəliyinə təhvil verildi. Almaniyanın Potsdam və Serbet şəhərlərində “NKVD”-nin yoxlama məntəqəsindən keçdikdən sonra onu Smolensk şəhəri yaxınlıqdakı dislokasiya olmuş 5-ci atıcı diviziyanın 55-ci ehtiyat atıcı alayına təhvil vermişlər. O, 1945-ci ilin dekabrında Sovet Ordusundan təxris olunmuş və doğma Ağcabədi rayonuna qayıtmaq icazəsi almışdır.
Sonrakı illərdə o, Ağcabədi Rayon İcraiyyə Komitəsində nəqliyyat şöbəsinə rəhbərlik etmiş, daha sonra yerli ticarət birliyində çalışmışdır. O, Ağcabədi rayon Veteranlar Şurasının fəal üzvlərindən biri olmuşdur.

Kənar | tarixində dərc edildi by | Bir şərh yazın

Suriyanın türk əsilli generalı

“Suriyada 2012-ci ildə həlak olan general-mayor Həsən Türkmanin əslən azərbaycanlı olduğu ortaya çıxıb”

Bunu Femida.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun doktorantı Şəfa Mövsümov deyib.

O bildirib ki, Həsən Turkmani 1 yanvar 1935 –ci ildə Suriyanın Hələb şəhərində vaxtilə Azərbaycandan köçmüş türkman ailəsində doğulub:

“Suriya tanınmış dövlət xadimi Həsən Türkmani 12 may 2004-cü ildən 3 iyun 2009-cu ilə qədər Suriyanın Müdafiə Naziri olmuşdur. O, hərbi təhsil aldıqdan sonra 1954-cü ildə səhra artilleriyası leytenantı rütbəsində Suriya ordusunda xidmətə başlamışdır. 1955-ci ildə Hüms Hərbi Akademiyasında səhra zabiti, 1963-cü ildə Mexanikləşdirilmiş Atıcı və Batalyon Kursunu bitirmişdir. 1965-ci ildə Almaniya Demokratik Respublikasında Ali Zabit kursunu bitirən Həsən Türkmani bu sahədə 1969-cu ildə Qahirədə hərbi elmlər üzrə magistr, 1972-ci ildə hərb elmləri üzrə doktor dərəcələrini almışdır. Turkmani 1973-cü ildə 4-cü ərəb-İsrail müharibəsi zamanı 9 mexanikləşdirilmiş diviziyaya başçılıq etmişdir. 1978-ci ildə o general-mayor hərbi rütbəsinə yüksəldi”.

Tarixçinin sözlərinə görə, H.Türkmani 2002-ci ilin yanvarında Suriya ordusunun qərargah rəisi təyin edilib:

“Onun sünni müsəlman olmasına ələvilərin üstünlük təşkil etdiyi Suriya ordusunda dini qrupların hüquq bərabərliyinin bərpasına addım kimi baxılırdı. Həsən Türkmani 12 may 2004-cü ildə Mustafa Tlasanı əvəz edib Suriyanın müdafiə naziri oldu. 2009-cu ilin iyununda onu Mahmud Əli Həbib əvəz etdi. 3 iyun 2009-cu il Suriya prezidenti Başar əl-Əsəd Həsən Turkmanini vitse-prezidentin köməkçisi təyin etdi. Turkmani həmçinin vitse-prezident Şaraa Farukasın hərbi məsləhətçisi idi. Həsən Turkmani 18 iyul 2012-ci ildə Dəməşqin şimal-qərbində Suriyanın Milli Təhlükəsizliyinin Xidmətinin binasına hücum zamanı həlak oldu. Həmin hücum zamanı müdafiə naziri Daud Rajiha və onun müavini Asəf Şaukat da həlak olmuşdu. Həsən Turkmani hücumdan sonra aldığı çoxlu yaralardan dünyasını dəyişdi”.

Qeyd edək ki, BAAS partiyasının üzvü olan Həsən Tükmani ingilis dilində həftəlik nəşr olunan “Black and White” (Abyad va Asvad) adlı siyasi jurnalının təsisçisi idi (2001-ci il). Onun Lətifə Türkmani adlı bir qızı var.

Kənar | tarixində dərc edildi by | Bir şərh yazın

Toxtamış xan Moskvanı necə yandırdı ?

Sovet tarixşünaslığında və tarix dərsliklərində Böyük rusun qəhrəmanlığı təbliğ olunmaqla bəzi tarixi faktlara geniş yer verilməmişdir.Belə faktlardan biri  1380-ci ildə rus knyazlarının birləşərək  Kulikovo çölündə Qızıl Orda hökmdarı Mamay xanı məğlub etməsi və rusların monqol-tatar zülmündən qurtarmasıdır. Bu hadisənin sovet və rus tarixşünaslığında,eləcə də , keçmiş SSRİ orta və ali məktəb dərsliklərində geniş yazılması rus xalqının qəhrəmanlıq səhifəsi kimi göstərilir. Lakin Kulikovo çölündəki qızılordalıların məğlubiyyətindən cəmi iki il sonra Ağ və Qızıl Ordanı birləşdirən Cuci xanın nəslindən olan Toxtamış xan 1382-ci ilin 24-26 avqust tarixlərində Moskva şəhərininin mühasirəsini yarmış,şəhərə od vurmuş,rus knyazlarını Ordalılara yarlıq verməyə məcbur etmişdir.

Bu tarixi fakt hətta müasir Azərbaycan tarix dərsliklərində Təbrizin mühasirəsindən bəhs edərkən bir cümlə ilə verilib: “ …Toxtamış vəziyyətdən istifadə edib ,1382-ci ildə Moskva ətrafında olduğu kimi,hiyləyə əl atdı və qoşununu şəhərə yeritdi…” ,(Azərbaycan tarixi,8-ci sinif üçün dərslik,Bakı-2007,səh.-65).

Avqustun 23-də Qızıl Orda qoşunu Moskvanın divarlarına yaxınlaşdı . Onlar şəhərin əhalisindən soruşdular : “ Böyük Knyaz Dmitri şəhərdədir mi? “. Moskvalılar “Yox”-deyə cavab verdilər.

Həmin gün şəhərə hücum uğursuz başa çatdı.Avqustun 24-də tatarlar yenidən şəhərə daxil olmaq üçün qala divarlarına nərdivanla hücum etdilər.Moskvalılar odlu silahdan,oxlardan,isti sulardan və soğanlardan qızılorduluların üzərinə atırdılar. Ertəsi gün,25 avqustda şəhərə yenidən edilən hücum da müqavimətlə rastlaşdı və nəticəsiz qaldı. 26 avqustda şəhər divarlarına Qızıl Ordalılarla danışıqlar üçün  knyazlardan və tanınmış ağalardan ibarət nümayəndə heyəti yaxınlaşdı. Onların yanında həmçinin Suzdal knyazının oğulları Vasiliy və Semyon, Moskva knyazının arvadı olmuş,böyük knyagina Yevdokiyanın doğma qardaşı da vardı. Elçilər Moskva sakinlərinə bildirdilər ki, “Çar (Toxtamış xan -Ş.M.) sizə, öz insanlarına, mərhəmətini göstərmək istəyir, çünki siz günahsızsınız və ölümə layiq deyilsiniz. O, sizlə müharibəyə gəlmədi, O, Dmitri ilə duşmənçilik edirdi.  Siz əfv etməyə ləyaqətlisiniz. Çar sizdən heç nə tələb etmir, yalnız onu hədiyyələrlə qarşılayın, çünki o bu şəhəri görmək və burada olmaq istəyir…”

Bundan sonra ordalılar şəhərə daxil oldular,uşaqdan böyüyə çoxunu qılıncdan keçirdilər,kilsələri dağıtdılar,müqəddəs kitabları və ikonaları qarət etdilər,knyazın xəzinəsini ələ keçirdilər.Əhalini çoxu şəhəri tərk etdi.Sonra Toxtamışın qoşunları Vladimirə hücum edib dağıtdılar, Zveniqorod, Mojaysk, Yuryev və Pereyaslavl sakinləri  qayıqlarla xilas olmaq üçün qaçdılar.Toxtamış xan şəhərə od vurub yerlə-yeksan etdikdən sonra Ryazan torpaqlarına tərəf getdi.

Göründüyü kimi, yuxarıda qeyd olunan bu tarixi faktlar sovet tarixşünaslığında gizlədilmiş,hətta müasir tarix dərsliklərində geniş əks olunmamışdır.

Kənar | tarixində dərc edildi by | Bir şərh yazın

Erməni təcavüzü və tarixi-mədəni abidələrimiz

Qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğalı buradakı tarixi-mədəni abidələrin məhvinə, bəşəri irsə aid edilən arxeoloji ərazilərin məhvinə səbəb olmuşdur.Dünya xalqlarının mədəni irsinə aid edilən bu tarixi abidələrin dağıdılması, “Silahlı Münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Haaqa konvensiyası”nın (1954-cü il), “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris konvensiyası”nın (1990-cı il), “Arxeoloji İrsin Mühafizəsi haqqında Avropa Konvensiyası”nın (1992-ci il) və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında konvensiyası”nın (1992-ci il) müddəalarına tamamilə ziddir və beynəlxalq hüququn pozulmasıdır.Erməni təcavüzkarları işğal etdikləri Azərbaycan ərazisində tarixi abidələri yerlə-yeksan edir, qeyri-qanuni arxeoloji qazıntılar aparır və mövcud mədəni irsimizi öz adlarına çıxmaqla bu ərazilərin onlara məxsus olmaları haqqında uydurma elmi müddəalar irəli sürürlər.
Tarixi-mədəni abidələrimizə dəyən bu maddi və mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir.Qeyd etmək lazımdır ki, bu vandalizm siyasəti həm də dünya sivilizasiyasına qarşı edilmiş vəhşilikdir.
Təcavüzə məruz qalmış Azərbaycan ərazisində tarix-diyarşünaslıq muzeylərinin qiymətli eksponatlarının dağıdılması və daşınması arxeoloji – etnoqrafik əhəmiyyətli tapıntıların, həmçinin dini ocaqların və Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməsi bu vəhşiliyin əsas hissəsini təşkil edir.
Erməni təcavüzünün qurbanı olan tarixi abidələr dünya əhəmiyyəti və zənginliyi ilə seçilir.Belə ki, ən qədim insan məskənlərindən biri olan dünya üzrə dördüncü-Azıx mədəniyyəti bu qəbildəndir.Qarabağ xanlığının inzibati mərkəzi olan Şuşa qalası dahi bəstəkar Üzeyir Hacıbəyovun ,şairə və ictimai xadim Natəvanın,şair və Qarabağ xanının vəziri M.P.Vaqifin məqbərəsi ,eləcə də digər ictimai xadimlərin ev muzeyləri,Qarabağ xanlarının “imarəti “ yeri kimi tanınan,SSRİ-də yeganə çörək muzeyi olan,zəngin arxeoloji eksponatlara malik Ağdam, qayaüstü rəsmləri və Zar kimi Paleolit dövrünə aid mağarası olan Kəlbəcər, zəngin kurqanlara və Xocalı-Gədəbəy mədəniyyətinə malik Xocalı və Qafqaz Albanıyasının xristian icmasina məxsus dini abidələri – kilsələri ilə zəngin Qubadlı, Cəbrayıl, Zəngilan kimi digər rayonlarımız bu işğalçılıq siyasətinin qurbanı olmuşdur. Dini abidələr, pirlər və müqəddəs ocaqlarla zəngin Laçın,Əsgəran,Xocavənd və Xankəndi kimi diyarlarımızdakı tarixi irsimiz talanmış,erməniləşdirilərək dünyaya qədim erməni mədəniyyəti kimi tanıdılır.Onu da əlavə edək ki, keçmiş işğal olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf 7 rayon ərazisində ermənilər tərəfindən qeyri-qanuni olaraq arxeoloji qazıntılar aparılır,tapılmış eksponatlar uydurma Böyük Ermənistanın mədəni irsi kimi dünyaya təbliğ ounur.
Qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi 40 mindən artıq eksponatın toplandığı 22 muzey və 927 kitabxana işğal nəticəsində Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

1941-1945-ci illər müharibəsi zamanı mühacir Azərbaycan Komitəsi və legionları Azərbaycan tarixşünaslığında

1941-1945-ci illər müharibəsi zamanı Berlində yaradılan və fəaliyyət göstərən Mühacir Azərbaycan Komitəsi və azərbaycanlı legionların müharibədə iştirakı Azərbaycan sovet tarixşünaslığında tədqiq edilməyən mövzulardandır. Sovet dövrünün sərt inzibati amirlik sistemi və kommunist Partiyasının siyasi ideoloji konsepsiyasından kənara çıxa bilməyən tədqiqatçılar Azərbaycan sovet tarixşünaslığında bu mövzuya toxuna bilməmişlər.Hitler ordusu tərəfindən SSRİ-yə qarşı vuruşmuş azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti  də həmçinin  tədqiqat sahəsindən kənarda qalmışdır. Hitlerin SSRİ-ni işğal edəcəyi halda Azərbaycana verəcəyi müstəqillik vədinə inanan Mühacir Azərbaycan Komitəsinin və azərbaycanlı legionerlərin fəaliyyəti müstəqillikdən sonra daha geniş araşdırılmağa başlanılıb. Qeyd edək ki. Azərbaycan sovet tarixşünaslığında mühacir həyatı yaşayan, İkinci Dünya Müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda mübarizə üçün çalışan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M. Ə. Rəsulzadənin siyasi fəaliyyəti birtərəfli qaydada araşdırılmış, bəzən də ayrı-ayrı müəlliflər onu hitlerçilərlə əməkdaşlıqda ittiham edir, sosializmin düşməni kimi göstərirlər. M. Ə. Rəsulzadənin müharibə zamanı Hitler ilə görüşərək azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanması, onların yəhudilərlə birlikdə soyqırıma məruz qalmasından xilas edilməsi, müharibədən sonra azərbaycanlı legion üzvlərinin taleyinə biganə qalmayaraq onlara dəstək olması və Azərbaycan həqiqətlərini dünyaya çatdırması kimi faktlara müasir tarixşünaslığımızda daha çox rast gəlinir. Sovet Ordusunun zabiti olmuş Əbdürrəhman bəy Fətəlibəylinin (Düdənginski) hitlerçilərlə əməkdaşlıq etməsi və Mühacir Azərbaycan Komitəsi yaradaraq Azərbaycanın istiqlaliyyəti üçün mübarizəsi də müasir tarixşünaslığımızda ayrı – ayrı müəlliflər tərəfindən yazılmış əsərlərdə  və məqalələrdə rast gəlinir. Müasir tarixşünaslığımızda qeyd olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə. Fətəlibəyli  azərbaycanlı hərbi əsirlərdən ibarət dəstələrin yaradılması üçün 1941-ci ilin avqustunda Hitlerə müraciət edib. Həmin ilin payızında M.Ə.Rəsulzadə Almaniyanın Şərq Nazirliyi tərəfindən Berlinə dəvət olunur. Bununla bağlı aparılan danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş  “Siyasi tarix” əsərində vurğulanılır ki, Hitlerin əmri ilə müsəlmanlardan təşkil olunmuş hərbi hissə Azərbaycan və Şimali Qafqaz regionlarına bölünmüşdü. Burada xüsusi olaraq yazılır ki, M.Ə.Rəsulzadə müharibə illərində hərbi əsirlər arasında  azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların konslagerdən xilası və azərbaycanlıların milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi (1., səh.72).

Mühacir Azərbaycan höküməti və milli legionlarımızın fəaliyyətinə  tarix elmləri doktoru  Tahir Qafarovun 1993-cü ildə çap olunmuş məqaləsində daha geniş toxunulub. Müəllif yuxarıdakı əsərdən fərqli olaraq göstərir ki, hərbi əsirlərin içərisindən yəhudilər kimi azərbaycanlılar da öldürülürdü. Müsəlman əsirlərlə işi səmərəli qurmaq üçün Qüds müftisi Hacı Əmin Əl-Hüseyni Almaniyaya dəvət olmuş, hətta I tank ordusunun komandanı general fon Makizen məsciddə namaz da qılmışdı. Sonra məqalədə göstərilir ki, Geniqsberqin “Telzit” hərbi düşərgəsindən Azərbaycan türklərini və  müsəlman azərbaycanlıları seçib “Şelzi” hərbi düşərgəsinə apardılar. (2.,səh.3).

2014-cü ildə “Şərq” qəzetində nəşrə getmiş Mühacir Azərbaycan Komitəsinin fəaliyyəti və Ə. Fətəlibəyli-Düdənginskinin sovet casusu tərəfindən qətli barədə son araşdırmalara toxunulub. Məqalənin girişində qeyd olunur ki, Fətəli bəy Almaniyada Milli Birlik Məclisinin rəhbəri olmaqla SSRİ üzərində qələbə qazanılacağı təqdirdə Azərbaycanın müstəqilliyinə nail olacağı göstərilmişdi. Onun həyat yoluna qısa nəzər salınır, II Dünya Müharibəsində Azərbaycan legionuna başçılıq etməsi, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına və “Azərbaycan” jurnalına Ceyhun Hacıbəyli ilə birlikdə baş redaktorluq etməsi göstərilib (3.,səh.11).

Mühacir Azərbaycan Komitəsinin və legionların fəaliyyətindən bəhs edərkən son dövrün araşdırmalarına da toxunmaq yerinə düşər. Professor Cəmil Həsənlinin 2015-ci ildə işıq üzü görmüş “II Dünya Müharibəsi illərində Azərbaycanın hərbi,siyasi və diplomatik münasibətlərdə (1939-1945)” adlı əsərində daha çox rast gəlinir. Qeyd olunan əsər Azərbaycanın müharibədə iştirakını.,beynəlxalq vəziyyətini, Cənubi Azərbaycan məsələsini və Bakı neftinin əhəmiyyətinə aid fundamental araşdırmadır. Əsərin VI fəsli müharibə illərində Azərbaycan mühacirətinin Almaniya ilə əlaqələrinə aiddir.”Üçüncü Reyxin Qafqaz mühacirlərini təşkilatlandırmaq cəhdləri” adlanan bölmədə müəllif Almaniya hökümətinin Qafqaz və Azərbaycanla bağlı planlarından yazır, M.Ə.Rəsulzadənin Alman hakim dairələri ilə Türkiyə vasitəsilə əlaqələrindən toxunur.burada vurğulanılır ki, 1941-ci ilin payızında Türkiyədə yaşayan Azərbaycan mühacirləri sovet – alman müharibəsinin başlanması və Almaniyanın qazandığı hərbi uğurların təsiri altında xeyli fəallaşmışdılar (4.,səh 273).

Tarixçi Nəsiman Yaqublu digər əsərlərində də Mühacir Hökümət və milli legionların fəaliyyətinə toxunmuşdur.Onun 1998-ci ildə çap olunmuş “M.Ə.Rəsulzadə.Azərbaycan davası” əsərində Milli Azərbaycan Komitəsinin və Azərbaycan legionunun yaranmasında F. Düdənginskinin fəaliyyəti haqqında ümumi məlumat verilmişdir. Əsərdə M. Ə. Rəsulzadənin Ə. Fətəlibəyli-Düdənginskinin qətli ilə bağlı etdiyi çıxış verilmiş, onun və legionların fəaliyyəti haqqında ümumi məlumat yer almışdır (5.,səh.60).

N.Yaqublunun 2008-ci ildə nəşr olunmuş ”Əbdürrəhman Fətəlibəyli-Düdənginski” əsərinin ikinci fəsli Azərbaycan legionunun təşkilində Ə. Fətəlibəylinin fəaliyyətinə və legionlara həsr olunub (6.,səh.45). 2011-ci ildə Moskvada nəşr olunmuş “İkinci Dünya Müharibəsi 1939-1945.Vermaxtın kazak hissələri və Şərq legionları” adlı hərbi-tarixi əsərdə Hitler ordusundakı legionlardan ümumi məlumat verilmişdir.Burada Azərbaycan legionları haqqında yazan müəlliflər onların 806, 807, 817 və 818-ci taborlarda döyüşdüklərini bildirir və hərbi nişanlarını göstərir (7.,səh.7)

Ədəbiyyatlar

  1. BDU,Siyasi Tarix kafedrası,”Siyasi tarix” II hissə,Bakı – 1998
  2. “Azərbaycan müəlimi” qəzeti, 20 iyul 1993,səh. 3 – 4
  3. “Şərq” qəzeti , 11 aprel 2014, səh. 11
  4. C. Həsənli, İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939- 1945). Bakı – 2015
  5. 5.N.Yaqublu, ”M. Ə. Rəsulzadə. Azərbaycan davası”, Bakı – 1998
  6. N.Yaqublu, ”Əbdürrəhman Fətəlibəyli-Düdənginski”, Bakı -2008
  7. С. Дробязко, А. Карашук, Вторая Мировая Война. 1939-1945. Восточные легионы и казачьи части в Вермахте, Москва – 2011
Kənar | tarixində dərc edildi by | Bir şərh yazın

Ağcabədili snayperçi müəllimin qəhrəmanlığı

1941-1945-ci ilər müharibəsinini tarixini araşdırarkən ön cəbhədə Ağcabədidən cəbhəyə yollanmış döyüşçülərin qəhrəmanlığına rast gəlmək mümkündür.Belə qəhrəmanlardan biri Ağcabədidə doğulmuş Məmmədəli Abbasovdur.O,Ağdam Pedaqoji Məktəbini bitirərək Ağcabədinin İmamqulubəyli kəndində müəllimliyə başlayır. M. Abbasov ordu sıralarına çağırılan zaman artıq Boyat kəndindəki məktəbin direktoru idi.Onun Sankt-Peterburqun müdafiəsində göstərdiyi qəhrəmanlığını “Krasnı flotes” qəzeti işıqlandırmış,snayperçi müəllim hitlerçilərə qarşı mübarizəsinə görə “Qızıl bayraq” ordeni ilə təltif edilmişdir.Hazırda Sankt – Peterburq şəhərinin Mərkəzi Hərbi Dəniz Muzeyində eksponat kimi 86 düyün vurulmuş bir qaytan saxlanılır.Bu şimal donanmasının snayperi, Məmmədəli Abbasovun üç ay ərzində vurduğu faşistlərin sayını göstərir.O,məhv etdiyi faşistlərin sayını itirməmək üçün uzun qaytana düyün vururdu.M.Abbasov ayrıca 35 gündə 63 faşisti məhv etmişdi.Snayperçi müəllimin şəhərin müdafiəsi zamanı cəmi 166 nəfər hitlerçini məhv etmişdi.
1.Azərbaycanın qızıl ulduzları,Bakı-1943
2.Ə.Bağırzadə,”Qəhrəman gənclik”,Bakı-1957
3.M.Əmrahov,II Dünya Müharibəsi (1939-1945),Bakı-2010.

Kənar | tarixində dərc edildi by | Bir şərh yazın